Fransa və Rusiya Qarabağ üzrə vasitəçiliyi ələ alırlar
Sülh prosesində əsas gəlişmələr Paris və Moskva arasında cərəyan edir
-10.03.2010-
Son günlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər üçlüyündən iki ölkənin - Fransa və Rusiyanın münaqişəçi tərəflərlə aktiv müzakirələr aparması diqqət çəkir.
Amerika konqresmenlərinin «erməni soyqırımı» qətnaməsini qəbul etməsi (4 mart) fonunda bu iki ölkənin aktivliyi xüsusilə qabarıq nəzərə çarpır.
Belə görünür ki, Paris və Moskva Vaşinqtonun regionda sülhyaratma imicinin zədələnməsi faktından yararlanaraq Qarabağ sülh prosesində vasitəçiliyi ələ almaq istəyirlər. Hazırda Qarabağ nizamlanması ətrafında əsas gəlişmələrin Paris və Moskva arasında cərəyan etməsi də buna işarədir.
Xatırladaq ki, ötən həftə (1 mart) Fransa və Rusiya prezidentlərinin Parisdə keçirilən görüşündə regional problemlər sırasında Qarabağ məsələsi də müzakirə olunmuşdu. Görüşdən sonra bu barədə açıqlama verən prezident Nikola Sarkozi qeyd etmişdi ki, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sıx əməkdaşlıq etmək niyyətindədir. "Rusiya və Fransa Ermənistanla Azərbaycanın birgə işləməsi və bir-birlərini başa düşməsi üçün onlara yardım göstərməkdən ötrü birgə çalışacaqlar", - deyə Sarkozi bildirmişdi.
Bunun ardınca, martın 5-də Parisdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun ATƏT Minsk Qrupunun həmsədrləri, habelə Fransa prezidentinin xarici məsələlər üzrə müşaviri Jan-David Levita ilə görüşündə Qarabağ nizamlanması müzakirə olunub. Həmsədrlər Qarabağa dair çərçivə layihəsi - «Madrid prinsipləri»nin yenilənmiş variantı ilə bağlı erməni tərəfin mövqeyini Azərbaycan nazirinə çatdırıb.
Öz növbəsində, azərbaycanlı nazir rəsmi Bakının mövqeyi barədə həm vasitəçilərə, həm də Fransa prezidentinin müşavirinə məlumat verib. Müşavir isə prezident Sarkozinin Qarabağ məsələsini şəxsi nəzarətində saxladığını bildirərək ölkəsinin vasitəçilik səylərini artıracağını vurğulayıb.
Bundan sonra, martın 8-də Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Edvard Nalbandyanın görüşündə Qarabağ sülh prosesindəki vəziyyət nəzərdən keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Martın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidentinin dəvətilə bu ölkəyə rəsmi səfərə gedib. Üçgünlük (9-11 mart) səfər gedişində Ermənistan prezidentinin Fransa prezidenti Nikola Sarkozi, Senatın sədri Jerar Larşe, Milli Assambleyanın spikeri Bernar Akoe ilə görüşləri nəzərdə tutulub.
Fransa və Ermənistan prezidentlərinin Yelisey sarayında görüşü martın 10-da keçirilib.
Ermənistan nümayəndə heyətinə hökumət üzvlərindən yalnız iki nəfərin - xarici işlər naziri Edvard Nalbandyan və diaspora naziri Qranuş Akopyan daxil olması diqqət çəkir. Bu həm də deməkdir ki, Sarkisyanın Fransa rəhbərliyi ilə görüşlərində əsas diqqət digər məsələlərdən daha ziyadə Qarabağ problemi üzərində köklənəcək.
Bundan əlavə, rəsmi məlumata görə, Sarkisyanın səfərinin mühüm bir hissəsini Fransadakı erməni diasporu ilə görüşlər təşkil edəcək. Bəllidir ki, erməni diasporu rəsmi Yerevanın xarici siyasətində, özəlliklə Qarabağ və türk-erməni dialoqu məsələsində ciddi təsir imkanlarına malikdir.
Fransa paytaxtında həmçinin Ermənistan XİN rəhbəri Nalbandyanın Minsk Qrupunun həmsədrləri ilə görüşü gözlənilir. Vasitəçilər ötən həftə Parisdə Azərbaycan XİN başçısı ilə keçirilmiş görüşün təfərrüatı barədə erməni nazirə məlumat verəcəklər.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və Robert Bradtke (ABŞ) Azərbaycanın xarici işlər naziri ilə Parisdə keçirdikləri görüşlə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilir ki, görüşdə 2009-cu ilin dekabrında və 2010-cu ilin yanvarında həmsədrlər tərəfindən tərəflərə təqdim olunmuş «Madrid prinsipləri»nin yenilənmiş variantı nəzərdən keçirilib.
Qeyd edək ki, bir qədər Ermənistan «Madrid prinsipləri»nin yeni variantı ilə bağlı mülahizələrini vasitəçilərə təqdim etdiyini bildirmişdi. Vasitəçilər həmin mülahizələri Azərbaycan XİN başçısına çatdırıblar.
Minsk Qrupu həmsədrlərinin bəyanatında bir məqam da diqqəti çəkir. Vasitəçilər qeyd edirlər ki, qarşıdakı mərhələdə Ermənistan tərəfi ilə müzakirələri intensivləşdirəcəklər.
Buradan belə qənaətə gəlmək olar ki, danışıqların hazırkı mərhələsində əsas problem erməni tərəfdən qaynaqlanır və vasitəçilər Yerevanı «Madrid prinsipləri»nə razı salmağa çalışırlar. Bu fikri qismən Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov təsdiq edib.
Mətbuat katibinin sözlərinə görə, Azərbaycan tərəfi yenilənmiş «Madrid prinsipləri» əsasında təklif olunan sənədi bəzi istisnalar olmaqla, ümumilikdə qəbul edir və bu bir daha vasitəçilərin nəzərinə çatdırılıb. Həmsədrlər isə rəsmi Yerevanla işləri davam etdirəcəklərini bildiriblər. O ki qaldı təfərrüta, gözlənildiyi kimi, XİN mətbuat katibi bu barədə heç nə deməyib.
Poluxov yalnız onu qeyd edib ki, Qarabağ münaqişəsinin həllinə dair danışıqların bir necə ildir «Madrid prinsipləri» əsasında aparılır: “Ötən ilin dekabrında Azərbaycan və Ermənistana yenilənmiş prinsiplər təqdim olunub. Bu, formalaşmış, kağız üzərində əks olunmuş təkliflərdir. Sənəddə nələrin əks olunduğu danışıqların detallarıdır və mən onları açıqlaya bilmərəm. Bir onu deyə bilərəm ki, yenilənmiş Madrid sənədində həm Azərbaycanın, həm də Ermənistanın təklifləri nəzərə alınıb”.
«Madrid prinsipləri»nin əvvəlki variantında Azərbaycanı qane etməyən və dəyişdirilməsi zəruri sayılan müddəaların nədən ibarət olduğu haqda sualı isə XİN rəsmisi belə cavablayıb: “Danışıqların detallarını açıqlaya bilmərəm. Bu hələ ki, qapalı qalır. Ancaq bildirmək istəyirəm ki, Azərbaycanın əsas maraqlarına zidd heç bir müddəa sənəddə yoxdur və ola da bilməz”.
Mətbuat katibinin sözlərinə görə, Azərbaycan Madrid təkliflərinə prinsipcə razılığını verib: «Əgər Ermənistan da sənəddə əks olunmuş prinsiplərlə razılaşsa, tərəflər növbəti - mərhələyə - münaqişənin həllinə dair detallı müzakirələr keçə bilərlər. Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul edib-etmədiyinə dair məlumat yoxdur. Həmsədrlər bu haqda heç bir açıqlama verməyiblər. Həmsədrlər deyiblər ki, Ermənistanın bu prinsipləri qəbul etməsi üçün daha intensiv iş aparacaqlar”.
Beləliklə, sülh prosesi, daha öncələr olduğu kimi, əsas problemə - Ermənistanı yol gətirmək probleminə ilişib. Bunun aşılması isə Qarabağ sülh prosesində vasitəçiliyi üzərinə götürmüş böyük dövlətlərin mövqe və məramından asılıdır.
Yeri gəlmişkən, yayılan xəbərlərə görə, Ermənistan prezidenti Fransaya səfərdən qayıtdıqdan sonra Qarabağ məsələsini Rusiya rəhbəri ilə də müzakirə edəcək.
Erməni mediasının məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedevin yaxın günlərdə Ermənistana səfəri gözlənilir. Səfərin məqsəd və formatı barədə məlumat verilmir. Kreml rəsmiləri hələlik Medvedevin Yerevana səfərini nə təkzib, nə də təsdiq ediblər. Bununla yanaşı, qeyd olunur ki, səfər gələn həftə baş tuta bilər.
Vüqar Orxan, “525-ci qəzet”, 10.03.2010.