 |
| 1988-ci ilin fevralı, Stepanakert (Xankəndi) şəhərində ermənilərin ilk separatçı çıxışları |
1988-ci il fevralı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə müşayiət olunan Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı sayılır. Həmin ilin 20 fevralında Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati mərkəzi olan Stepanakert (Xankəndi) şəhərində DQMV Xalq Deputatları Sovetinin erməni deputatları növbədənkənar sessiya çağıraraq «Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında» qərar qəbul ediblər.
Erməni deputatlar bununla bağlı SSRİ Ali Sovetinə müraciət də qəbul etmiş və «millətlərin öz müqəddəratını təyinetməsi hüququ»nu əsas tutaraq DQMV XDS-nin təşəbbüsünə müsbət cavab verilməsini xahiş etmişdilər.
Dağlıq Qarabağ ermənilərinin bu aksiyası istər o vaxtkı, istərsə də bugünkü hüquqi reallıq müstəvisində qeyri-qanuni, yəni legitim olmayan hərəkət idi. Təkcə ona görə yox ki, o vaxtkı SSRİ Konstitusiyasının müddəalarına əsasən, müttəfiq respublikanın tərkibindən hər hansı muxtar bölgənin çıxması üçün onun (yəni Azərbaycan SSR-nin) razılığı olmalı idi. Erməni deputatların muxtar vilayətin qanunverici orqanı (DQMV XDS) adından çıxardıqları qərar həm də ona görə qanunsuz idi ki, bu qurumun səlahiyyət müddəti 1988-ci ilin yanvarında başa çatmışdı və yeni seçkilər keçirilməli idi.
Azərbaycanın o vaxtkı rəhbərliyinin baş verənlərə astagəl münasibəti də elə hüquqi kontekstdə oldu. Azərbaycan SSR Ali Soveti qərarı qeyri-qanuni elan etdi, bununla bağlı Moskvaya, SSRİ Ali Sovetinə müraciət olundu.
Bir sözlə, Azərbaycan rəhbərliyi ermənilərin Dağlıq Qarabağdakı açıq separatçılıq hərəkatını hüquqi (formal) cəhdlərlə və bir də erməni radikallarını təmkinə çağırmaqla önləməyə çalışırdı. Gerçəkdə isə Dağlıq Qarabağ ermənilərinin hərəkəti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə (o cümlədən SSRİ Konstitusiyası ilə müəyyənləşmiş) qarşı aşkar qəsd idi və onun qarşısı adekvat olmalı idi.
Sözsüz ki, 1988-ci il fevralın 20-də baş verən hadisə yalnız formal olaraq Dağlıq Qarabağ konfliktinin sayılır. Çünki de-fakto Ermənistanın Dağlıq Qarabağla bağlı ərazi iddiaları və bölgədəki separatçılıq prosesləri çoxdan başlamışdı. Amma gerçək ondan ibarətdir ki, biz Dağlıq Qarabağ münaqişəsinin formal tarixçəsinin ilk mərhələsindəcə baş verənlərə adekvat münasibət göstərə və konfliktin gələcək miqyasını fəsadları önləmək üçün real tədbirlər görə bilmədik. 1988-ci ilin 20 fevralından sonrakı hadisələr bunu bir daha təsdiqlədi.
20 fevraldan sonra isə 22 fevral gəldi. Həmin gün Əsgəran yaxınlığında Qarabağ münaqişəsinin ilk toqquşması oldu və biz Qarabağ davasında ilk şəhidlərimizi verdik, Ağdamdan iki gənci itirdik. Əgər 1988-ci ilin 20 fevralı Dağlıq Qarabağ münaqişəsinin hüquq müstəvisində ilk toqquşması (Ermənistanın Azərbaycanın suveren hüquqlarına qəsdi) idisə, Əsgəran yaxınlığındakı olayla proses açıq konflikt halına gəldi.
Yenə təəssüflə qeyd edilməlidir ki, bu olay (ermənilərlə ilk üz-üzə gəlişimiz) nəticə etibarilə bizim üçün Qarabağ davasında geriyə doğru ilk addım oldu. Halbuki həmin olayla münaqişənin inkişaf səmti də, fəsadları da xeyli dərəcədə fərqli ola bilərdi. 1988-ci ilin 22 fevralında biz ilk dəfə erməninin üstünə getdik. Bu, xalqın, daha dəqiq desək, rəhbəri və ağıllı istiqamətvericisi olmayan kütlənin haqlı etirazının kortəbii bir təzahür forması idi.
Həmin günlər respublikanın rəhbərləri sayılacaq şəxslər Bakının zavod-fabriklərində çalışan «erməni zəhmətkeşləri» televiziya ekranına çıxararaq onları Dağlıq Qarabağdakı «bir qrup ekstremistin» əleyhinə danışdırmaqla məşğul idi. Yerdəki əhali isə ermənilərin həyasız iddialarına bilavasitə cavab vermək qərarına gəlmişdi. Bəli, kütlə hər zaman emosional olur, ələlxüsus da belə bir şəraitdə. Eyni zamanda, kütləyə sadəlövhlük və romantiklik xasdır.
22 il öncə erməninin üzərinə əliyalın gedənlər də hesab edirdi ki, ermənilərə bir möhkəm yumruq göstərməklə onların separatçılıq niyyətlərini məhv edəcəklər. Əlbəttə, ermənilərin separatçılıq niyyətlərini elə o vaxt məhv etməsək də, ən azı məlum fəsadlaradək qol-qanad açmasına imkan verməyə bilərdik. Amma yazıqlar onda oldu ki, aşağıdan gələn bu emosiya, kükrəyiş yuxarıda əyləşənlər tərəfindən lazımi məcraya və zamana yönəldilmədi.
1998-ci ilin 22 fevralında aqressiv erməni separatizminin təhlükəsini rəsmi dairələrdən fərqli olaraq daha real hiss edən yüzlərlə insan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərarın verildiyi Stepanakertə dinc yürüş etmək istəmişdi. Bu qarşıdurmaya çoxdan və əsaslı şəkildə hazırlaşan ermənilər isə «Qarabağ bizimdir» şüarı ilə yürüşə çıxanları özlərinə xas üslubda qarşıladılar.
Lakin ən dəhşətlisi ermənidən yox, özümüzünkülərdən gördüyümüz oldu. Rəhbər dairələr, rəsmi ziyalılar və «ictimai xadimlər» bu radikalizmi tənqidə tutdular ki, bəs iki xalq arasında nifaqı gücləndirir, ermənilərin ekstremizminə eyni ekstremizmlə cavab verirsiniz. Beynəlmiləlçilik şüarları önə çıxdı, «biri od olanda, biri su olar» məsəli rəsmilərimizin dilindən düşmürdü. Çəkdiyimiz təkcə bunlar olsaydı, nə idi ki?
Əsgəran yaxınlığındakı toqquşmada iştirak edən azərbaycanlılar elə özümüzünkülər (raykomundan prokuror və milisinədək) həftələrlə, aylarla sağ-sola çəkildi, istintaq edildi, inzibati cəzalar verildi. Bir sözlə, yüzlərlə insan günahkar sayıldı ki, niyə vətənpərvərlik və milli təəssübkeşlik göstərib ermənilərin aqressiv separatizminə qarşı çıxmısınız.
İstintaq-məhkəmədən yaxa qurtarmağın yolları isə o vaxt da məlum idi. Bu yolla nə qədər adamdan nə qədər pul qoparıldı. Neçə nəfər bu «silist»dən qaçaraq Rusiya şəhərlərində gizləndi və sonradan heç geri də qayıtmadı. Bax, Azərbaycanda Qarabağ həyəcanının, torpaq yanğısının ilk dalğası belə önləndi, gözümüzün odunu özümüz aldıq.
Ermənilər isə vəziyyəti adekvat dəyərləndirdilər. Əsgərandakı toqquşmadan qalib çıxdıqları günün səhərisi onlar «ikinci cəbhəni» işə saldılar. Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası başlanmışdı. Dağlıq Qarabağda qaynayan qazana toxunub əlini yandıran Azərbaycan cəmiyyəti və rəsmiyyəti bu prosesi faktiki olaraq gözardı etdi. Hər şey ermənilərin ssenarisi üzrə istiqamət aldı.
Fevralın 25-də Əsgəranda daha iki azərbaycanlı öldürüldü. İtkilərə «adət» etməyə, faciələrə öyrəşməyə başladıq. Onların miqyası böyüdükcə qeyri-ixtiyari laqeydliyimiz də dərinləşdi. Sonrası isə bəllidir. Soyuq analitika və ağıllı istiqamətvericilərin yoxluğu emosiyalara yol açdı.
Stepanakertdəki «miatsum» qərarından bir həftə sonra, fevralın 27-də Sumqayıt «baş verdi». Bu təxribatın mahiyyətini bu günədək adekvat dərk etməmişik. Sumqayıtda baş verən olayın pərdəarxası, ona məhz ermənilər tərəfindən rejissorluq edilməsi - bu barədə çox deyilib və yazılıb.
Amma həmin təxribatın faktiki nəticəsi bu idi ki, biz Ermənistandakı azərbaycanlılara divan tutulmasına və Dağlıq Qarabağda başlanan aqressiv separatçılığa adekvat münasibət göstərə bilməmiş, hədəfi qoyub kənarı vurmuşduq.
Sözsüz ki, biz 1988-ci ilin fevralında ermənilərin üstünə getməli idik. Çünki onlar yaşadıqları torpağa xəyanət edib onu oğurlamağa başlamışdılar. Oğrunun cəzası isə vaxtında verilməli idi. Lakin Əsgəranda öldürülənlərin, həmçinin Qafanda, Masisdə vəhşicəsinə qətlə yetirilən onlarla azərbaycanlının qisası Sumqayıtda yox, Qarabağda, separatizmin ocağında alınmalı idi. Əgər münaqişənin ilk vaxtlarında Dağlıq Qarabağda öldürülmüş azərbaycanlıların qisası olaraq 5-10 erməni öldürülsəydi, dünya bunu etnik münaqişənin labüd nəticəsi sayacaqdı.
«Sumqayıt sindromu» isə Qarabağ konfliktinin coğrafiyasından kənara çıxdı. Bu olay ermənilərin ssenarisinə tam uyğun idi, çünki beynəlxalq müstəvidə Dağlıq Qarabağ konfliktinin mahiyyəti azərbaycanlıların «məzlum ermənilərə» divan tutması kimi tanınmasına xidmət edirdi. Təsadüfi deyil ki, bu hadisədən dərhal sonra erməni təbliğatı dünyanın beynini «Sumqayıt sindromu» ilə doldurmağa başladı. Amma məsələ bununla bitmir.
Düz 22 ildir ki, bu təxribat bizim iradəmizdən asılı olmayaraq Xocalı qətliamı üçün mənfi fon rolunu oynayır, 1988-ci ilin 27 fevralı (Sumqayıt) 1992-ci ilin 26 fevralının (Xocalı) önünə keçməkdədir. Çünki dünya hər şeyin, o cümlədən Qarabağ münaqişəsinin tarixçəsini də xronikal qaydada həzm edir.
O artıq başqa məsələdir ki, biz nə Sumqayıtdan öncə, hələ 1987-ci ilin noyabr-dekabrından başlayaraq Ermənistanda azərbaycanlılara necə divan tutulmasını, nə də Sumqayıtın Xocalıdan mahiyyət və miqyas fərqini dünyaya yetərincə qəbul etdirə bilmişik.
Halbuki Xocalıda baş verənlər gerçək mənada qətliam, soyqırımı idi. Digər tərəfdən, Xocalı gerçəyi təkcə bu qətliamın dəhşət dolu statistikasından (613 ölü, yüzlərlə yaralı və girov götürülənlər) ibarət deyil. Xocalı Azərbaycanın Qarabağ müharibəsində aldığı ən həssas zərbə və sonrakı məğlubiyyətlərimizi qismən labüd edən bir faciə oldu.
Məhz Xocalı qətliamı Azərbaycana edilən təcavüzün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını ilk dəfə ortaya qoydu. Xocalını qoruya bilməyimiz bütövlükdə Qarabağ davasına nə dərəcədə hazır olmadığımızın göstəricisi idi.
Ystəlik yeni yaranmaqda olan Azərbaycan Ordusu siyasi intriqaların güdazına verilmişdi. 1992-ci il yanvarın sonu-fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına Bakıdakı hakimiyyətin faktiki biganəliyi Xocalıya münasibətdə də aşkar idi. Kritik vəziyyətdə başını itirən hakimiyyət iflas həddində, müxaliflər isə hakimiyyət davasında idilər. Bu davada Qarabağ davasına faktiki yer qalmırdı.
Yerlərdəki başıpozuqluq, Bakıdakı hakimiyyət dəhlizlərində Qarabağda yaşananlara laqeydlik təkcə Xocalının deyil, sonrakı itkilərimizin də tanış əlamətləridir. Xocalı ətrafında cərəyan edən siyasi fars ümumilikdə Azərbaycanın Qarabağ itkisinin sənhəarxası gerçəklərini anlamaq üçün kifayət etməli idi və biz bu itkidən nəticə çıxarmalı idik.
Lakin nə yazıqlar ki, Xocalı həqiqəti bizim üçün heç bir anlamda ibrət olmadı. Hə onun miqyasını yetərincə dərk etdik, nə də sonrakı faciələrimizi önləmək üçün nəticə çıxardıq. Əksinə, Xocalı böyük itkilərimizin başlanğıcı oldu. Hecə ki, ondan öncə 1988-in fevralından ibrət götürə bilməmişdik.
1988-in 20 fevralında Qarabağ davasının ilk səhifəsini hüquqi müstəvidə uduzmuşduqsa, 1992-nin 26 fevralı ilə bu torpağı fakt olaraq itirdik. Çünki Xocalı varkən Şuşanı qorumaq nə qədər asan idisə, Xocalıdan sonra bunu etmək bir o qədər müşkül idi.
Amma biz tarixin o biri səhifələrini vərəqləmək niyyətində deyilik. Onsuz da indiyədək itkilərimizin ildönümü ilə bağlı ötən tarixlərə çox qayıtmışıq.
Təəssüf ki, tarixin o üzündə qalan torpaqlara hələ də qayıda bilmirik. Zaman isə ötüb keçir. Qarabağ davası isə artıq 23-cü ilinə qədəm qoyur….
Vüqar Orxan, www.azerbaycanli.org