Prezidentlər yeni görüşə razılıq veriblər
Qarabağ danışıqlarının növbəti raundu noyabrın sonunadək baş tutmalıdır
-07.11.2009-
Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş noyabrın sonuna kimi keçiriləcək. Bu bərədə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin nəticəsi ilə bağlı birgə bəyanatda bildiriblər.
Xatıqladaq ki, Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik noyabrın 5-də gəlmiş, XİN başçısı Elmar Məmmədyarovla görüş keçirmiş və prezident İlham Əliyevin qəbulunda olmuşdular.
Bundan sonra onlar Yerevana yollanmışdılar. Noyabrın 6-da onlar Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Elə həmin gün həmsədrlər yenidən Bakıya gəliblər.
AzərTAc-ın məlumatına görə, noyabın 6-da Azərbaycan prezidenti İlham Əliyevin həmsədrlərlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vasitəçilər regiona səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.
ATƏT-in rəsmi saytına istinadən məlumatına görə, bəyanatda deyilir: “ATƏT Minsk Qrupunun həmsədrləri səfir Yuri Merzlyakov, səfir Bernar Fasye və səfir Robert Bradtke noyabrın 4-6-da Azərbaycan və Ermənistanda səfərdə olublar. Onlar noyabrın 5-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, noyabrın 6-da İrəvanda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər. Həmsədrlər noyabrın 6-da Prezident Əliyevlə ikinci dəfə görüşmək üçün Bakıya qayıdıblar.
Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinin razılaşdırılması istiqamətində müzakirələri davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər. Onlar həmsədrlərin noyabrın sonuna kimi növbəti görüşü - bu il altıncı görüşü təşkil etmək təklifini qəbul ediblər. Görüşün yeri və vaxtı müəyyənləşdiriləcək”.
* * *
Mövzuya dair
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Moskvada keçirilə bilər