ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Çinin Sincan-Uyğur bölgəsində nə baş verir?

1949-cu ildən müstəqilliyi ləğv edilərək zorla Çinin muxtariyyətinə çevrilən bölgədə yeni qanlı toqquşmalar başlanıb

-08.07.2009-

Çinin Sincan-Uyğur muxtar vilayətində etnik türklər – uyğurlarla çinlilər (xanlar) arasında iyulun 5-də başlanan toqquşmalar qismən səngisə sə, bölgədə gərginlik qalmaqdadır.

Çinin rəsmi məlumatlarına görə, qanlı toqquşmalarda 156 nəfər ölüb, 800-dən çox adam yaralanıb. Ölənlərin əksəriyyətinin uyğurlar olduğu bildirilir. Muxtar vilayətin mərkəzi şəhəri olan Urumçidə komendant saatı tətbiq olunub. İyulun 8-də şəhərə Çin hərbi qüvvələrinin yeridildiyi xəbər verilib. Çin Xalq Respublikasının sədri Hu Szitao Sincan-Uyğur muxtar vilayətindəki toqquşmalarla bağlı İtaliyadakı “Böyük 8-lik” sammitində iştirakdan imtina edib.

Hadisələrlə bağlı uyğur türklərinə istinadən yayılan xəbərlər isə Çin rəsmi dairələrinin məlumatlarından kökündən fərqlənir. Çin tərəfi toqquşmaların uyğurların çinli (xanlar) əhalinin mağaza və iş yerlərinə basqınları ilə başladığını iddia edir.

Gerçəkdə isə toqquşmalara bir həftə öncə - iyunun 26-da Çinin cənubunda - Quanqdonq bölgəsində yerləşən Şaoguan şəhərindəki Xurui oyuncaq fabrikində etnik çinlilərlə, yəni xanlarla uyğurlar arasında baş verən insident səbəb olub. Fabrikdə işləyən uyğurlar Çinin apardığı köçürmə siyasəti nəticəsində şimaldakı Sincan (Şərqi Türküstan) bölgəsindən ölkənin cənubuna yerləşdirilmişlər.

Qərb mənbələrinə görə, olayların başlamasına zorla Şao Guan şəhərindəki oyuncaq fabrikinə işləməyə aparılan uyğur qadınlara çinlilərin sataşması səbəb olub. Gözlərinin qarşısında qadınlara zorakılıq edildiyini görən uyğur kişilərlə çinlilər arasında yaranan lokal toqquşma iki uyğurun ölümü ilə nəticələnib. Hərçənd qeyri-rəsmi mənbələr Şao Guan şəhərində daha çox uyğurun öldüyünü xəbər verir.

Uyğur türklərinin mühacirətdəki təşkilatlarından olan Şərqi Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyinin başqanı Seyid Tümtürk Türkiyə mətbuatına açıqlamasında bildirib ki, Şao Guanda 300-dək uyğur öldürülüb: “Çin hökuməti uyğurları zorla 3 min kilometr məsafədəki Şao Guan şəhərindəki oyuncaq fabrikinə işləməyə aparır. Fabrikdə çinlilər uyğur qızlarına sataşıblar. Uyğur gənclərin təpkisi ilə gərginlik yaranıb. İki gün sonra isə 5 minə yaxın çinli uyğurların qaldığı yataqxanaya hücum edib. Bu hücumda 300 uyğur həlak olub”.

Uyğurlar Çin hökumətinin dəfələrlə təkrarlanan bu olayları ciddi şəkildə araşdırmamasına etiraz əlaməti olaraq Urumçidə dinc etiraz aksiyasına başlayıblar. İyulun 5-də axşam saatlarında başlayan aksiyaya polis sərt şəkildə müdaxilə edib. Bu isə aksiya iştirakçılarının sayının artmasına və onların da aqressivləşməsinə səbəb olub.

Uyğurlar Qərb agentliklərinə verdikləri açıqlamalarda ölənlərin 500-ü keçdiyini, Çin hökumətinin soyqırıma başladığını bildirirlər. Urumçidən savayı, muxtar vilayətin Kaşqar, Aksu və Yılı şəhərlərində də uyğurların etiraz aksiyaları keçirilib.

Mühacirətdəki “Şərqi Türküstan hökuməti”nin İstanbulda yaşayan sözçüsü İsmayıl Çingiz Çində polislərin türkləri divara dayayıb gülləyə verdiyini, onların üstündən tanklar keçdiyini bildirib. Çindən məlumat almağın çətinləşdiyini deyən Çingiz yalnız bilgisayar mütəxəssisi olan tanışları vasitəsilə xəbər tutduqlarını deyib.

Uyğur türklərinin özgürlük mübarizəsi illərdir davam edir

Qeyd edək ki, uyğur türkləri Çində əsrlər boyu müstəqillik uğrunda mübarizə aparıblar. Dini əqidəcə müsalman olan uyğurların orta əsrlərdə bölgədə güclü dövlətləri olub. Sonra Şərqi Türküstan Çinin nəzarətinə keçib.

Uyğurlar 1934 və 1944-cü illərdə iki dəfə öz cümhuriyyətlərini elan etsələr də, Çin dövləti onların mövcudluğuna son qoyub. 1949-cu ildə bölgə komminist Çin Xalq Respublikasının tam nəzarətinə alınıb. Rəsmi olaraq Sincan (Şərqi Türküstan) vilayəti Çin tərkibində muxtariyyət statusuna malik olsa da, türk əhalisinə qarşı assimilyasiya, örtülü soyqırımı davam etməkdədir.

Xüsusilə Amerikadakı 2001-ci il 11 sentyabr terrorundan sonra rəsmi Pekin uyğur separatçılarına qarşı güclü təqiblərə başlayıb. Şərqi Türküstan İslam Təşkilatı “Əl-Qayda”ya bənzər terror təşkilatı elan edilib. Pekin separatçıları Əfqanıstanda təlim keçməklə, islamçı ideologiyasının idxalında ittiham etsə də, bunu sübuta yetirən dəlil təqdim etməyib. ABŞ-ın Əfqanıstana müdaxilədən (2001) sonra orada 20-dən artıq uyğur döyüşçüsü yaxalanaraq, ittiham təqdim edilmədən, 6 il ərzində Quantanamo bazasında saxlanılıb.

Uyğurların dini, iqtisadi və mədəni sahədə fəaliyyəti Çin dövləti tərəfindən məhdudlaşdırılıb. Son illərdə bir sıra görkəmli uyğur fəalı terrorçuluq ittihamı ilə həbsə atılıb. Çoxları ölkəni tərk etməli olublar. Çin regionda təzyiqlərə bəraət qazandırmaq məqsədi ilə "uyğur təhlükəsini" şişirdir. Eyni zamanda, Pekin bölgədə assimilyasiya siyasətini yürüdür. Belə ki, ötən illər ərzində bölgəyə göndərilən etnik çinlilərin sayı tədricən artırılaraq 40 faizə çatıb. Baxmayaraq ki, son illər ərzində bölgədə, iri şəhərlərdə böyük layihələr hesabına rifah səviyyəsi qismən yüksəlib, uyğur türkləri davamlı basqı altında yaşayırlar.

Qeyd edək ki, 56 fərqli etnik qrupun yaşadığı Çin Xalq Respublikasında uyğur türklərinin rəsmi sayı 10 milyon göstərilir. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı 40-60 milyon arasındadır. Rəqəmlər arasında olan bu fərq Çin hökumətinin tətbiq etdiyi ailə planlaşması siyasətindən qaynaqlanır. Bu siyasətə görə xan ailələri 1 uşağa, uyğur ailələri isə 2 uşağa malik ola bilər.

Müsəlman uyğurlar bu qadağalara tabe olmurlar və ailələrdə uşaq sayı adətən 5-i keçir. Buna görə də uyğurların çoxu Çinin rəsmi təhsil sistemindən kənarda qalaraq, rəsmi qeydiyyata düşmürlər. Bu fərq Sincan rayonunun mərkəzi şəhəri olan Urumçinin əhali sayında da özünü göstərir. Rəsmi məlumatlara görə, Urumçinin 2,2 milyon əhalisi var və onların yalnız 14 faizi uyğurlardır. Qeyri-rəsmi məlumatlara görə isə Urumçidə 10 milyon əhali yaşayır və onların 5,5 milyon uyğur, 4,5 milyonu isə çinlidir. Şəhərdə yaşayan çinlilərin əksəriyyətinin uyğurca bilməsi qeyri-rəsmi məlumatların daha doğru olduğunu göstərir. 

Hazırda dünyada 20 milyona yaxın uyğur mühaciri var və onlar Uyğurustanın azadlığı uğrunda mübarizə aparırlar. Əslən Kaşqardan olan Yusif bəy Muxlesi uzun müddət Uyğurustan Xalq Cəbhəsinin lideri olub. Onun ölümündən sonra bu vəzifəyə Rabiyə Kader seçilib.

Çində tanınmış iş adamı olan Rabiyə Kader və əri Uyğurustanın azadlığını dəstəklədiyi üçün 1997-ci ildə həbsxanaya salınmışdı. 8 il həbs cəzasına məhkum edilən Kader həbsxanada insan haqları sahəsində mübarizə aparıb və bu səbəbdən bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

ABŞ və beynəlxlaq təşkilatların təzyiqi ilə Çin hökuməti 2005-ci ildə onu azadlığa buraxmağa məcbur olub. 2006-cı ildə Nobel sülh mükafatına layiq görülən Kader ABŞ-da məskunlaşıb. Çin hökuməti son olayların baş verməsində mühacirətdəki uyğur liderləri sırasında onu da ittiham edir.

Rəbiyə Kader isə Sincan vilayətində baş verən son qırğını Çin hökumətinin uzun müddətdir planlaşdırdığını deyib: “İqtisadi böhran səbəbilə çox sayda çinli uyğur bölgəsindəki enerji layihələrində çalışmaq üçün buraya göndərilib. Uyğurlar isə Çinin şərqindəki iş yerlərinə aparılıblar. Uyğurlar həm bu məcburi köçə, həm də Xan çinlilərinin bölgəyə yerləşməsinə qarşı çıxır. Rəsimlərə baxın, xalq uşaq-böyüklə oraya gedib dinc şəkildə dərdini anlatmağa çalışırdı. Amma Çin hökuməti ordunu küçəyə çıxardı”.

Uyğur lider qohumlarının bir hissəsinin həbs olunduğunu, uşaqlarının isə ev dustağı edildiyini vurğulayıb: “Uyğur xalqı məni ana bilir. Onun azadlıq davasına xidmətim davam edəcək. Mən kimsəyə küçəyə çıxın demədim. Desəm də, xəta etmiş olmazdım. Çin hökuməti uyğur xalqına əziyyət verir, təhsil haqqını əlindən alıb, azadlıq deyəni içəri atıb”, - Rəbiyə Kader CNN Türk televiziyasına açıqlamasında belə deyib.

Çinin Sincan-Uyğur muxtar vilayətində baş verən olaylar dünyanın diqqət mərkəzindədir

BMT baş katibi Ban Ki-Moon Çin hökumətinin dinc əhalinin təhlükəsizliyini və həyatını qorumaq üçün həssaslıq göstərməsini istəyib.

Avropa Parlamentinin rəhbəri Hans Gert Pötterinq dinc insanların öldürülməsindən dərin üzüntü duyduqlarını bildirib və Çin rəsmilərinin insan qüruruna sayğı göstərmələrini tələb edib.

ABŞ Dövlət Departamenti isə tərəfləri toqquşmaları dayandırmağa çağırıb.

Türkiyə XİN Urumçidə yaşanan olaylarda məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib

Bəyanatda bildirilir ki, iyulun 5-də Urumçidə baş vermiş iğtişaşlarda 140-dan çox insanın ölümü və 800 nəfərin yaralanması Türkiyədə dərin hüznlə qarşılanmışdır: "Sabit və tərəqqi edən ölkə olmaq yolunda sürətlə irəliləyən Çin Xalq Respublikasında bu cür hadisələrin gələcəkdə təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyinə inanırıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı, yaralananlara tezliklər şəfa tapmağı diləyirik".

İyulun 8-də Çinin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib. Türkiyənin olaylardan ciddi narahatlıq duyduğu və buna səssiz qalmasının mümkün olmadığı diplomatın nəzərinə çatdırılıb.

İstanbulda keçirilən Türkiyə - Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin toplantısında qəbul olunan birgə Bəyannaməyə Çindəki hadisələrdən narahatlıq ifadə olunan cümlələr daxil edilib. Davudoğlu İslam Konfransı Təşkilatının baş katibi, türkiyəli Ekmələddin İhsanoğlu ilə görüşərək ondan İKT-ni də hərəkətə keçirməsini istəyəcək.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sərt bəyanat verib

Ərdoğan hadisələri üzüntü və narahatlıqla izlədiklərini bəyan edib: “Türkiyədə yaşayan uyğur qardaşlarımızın və bu acını ürəyində hiss edən xalqımızın haqlı olaraq bu hadisələrə etirazını ortaya qoyduğunu görürük".

Ərdoğan bildirib ki, uyğur türkləri tarixən Türkiyə ilə Çin arasında körpü rolunu oynayıb: "Biz uyğur qardaşlarımızı tarix boyunca normal əlaqələrimizin olduğu Çinlə aramızda körpü kimi görmüşük. Vəhşətin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Biz 2009-2010-cu illər üçün BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüyük. Bu olaylarla bağlı üzərimizə düşən vəzifəni orada da yerinə yetirəcəyik”.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı isə Urumçidəki qətliamın prezident Abdullah Gülün Çinə səfərindən dərhal sonraya təsadüf etdiyini vurğulayaraq beynəlxalq birliyi səssiz qalmamağa çağırıb.

Xatırladaq ki, Türkiyə prezidenti iyunun 28-də Çinə rəsmi səfəri gedişində Urumçidə olmuş, uyğurlarla görüşlər keçirmişdi.

Azərbaycan XİN də Çinin Sincan-Uyğur Muxtar Vilayətindəki qanlı olaylara münasibət bildirib

Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov “Media forum” saytına açıqlamasında deyib ki, rəsmi Bakı Çində tezliklə vəziyyətin sabitləşməsini arzulayır: “Ümid edirik ki, bütün proseslər Çin dövlətinin qanunları və xalqının maraqlarına uyğun həyata keçiriləcək. Çin Azərbaycan üçün vacib və mühüm tərəfdaşdır. Bizim əlaqələrimiz sabit şəkildə inkişaf edir”.

XİN rəsmisinin sözlərinə görə, baş verən hadisələr zamanı Azərbaycan vətəndaşlarının həlak olması, xəsarət alması və həbs olunması haqda Azərbaycanın Çindəki səfirliyinə heç bir məlumat daxil olmayıb: “Qaydalara görə, belə bir hal baş verərsə, səfirlik məlumatlandırılır. Çindəki səfirliyimizə belə bir məlumat daxil olmayıb”.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009