Yaponiya Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Yaponiya XİN başçısı Hirofumi Nakasone azərbaycanlı həmkarı ilə görüşdə bunu bir daha vurğulayıb
-18.06.2009-
"Dağlıq Qarabağ münaqişəsi müxtəlif kanallarla, o cümlədən ATƏT-in Minsk qrupu vasitəsilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq sülh yolu ilə həll olunmalıdır".
Bu barədə Yaponiyanın xarici işlər naziri Hirofumi Nakasone Tokioda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat üçün birgə bəyanatında bildirib (ANSpress).
H. Nakasone Yaponiyanın regionda sülh və sabitliyin təmin olunması üçün öz dəstəyini verdiyini bir daha vurğulayıb. XİN rəhbəri Asiya və Avropanı birləşdirən Qafqaz regionunda beynəlxalq tərəfdaşların konstruktiv əməkdaşlığına inandığını bildirib.
“Qafqazın bütün dünya ölkələri və xalqları üçün sülh və çiçəklənmə regionu olmaq imkanı var”, - deyə Nakasone bildirib.
Azərbaycan GUAM təşkilatına verdiyi dəstəyə və qurum ilə fəal əməkdaşlıq etdiyinə görə Yaponiyaya dərin minnətdarlığını bildirib. Hər iki tərəf inamla bildirib ki, GUAM-Yaponiya dialoqları qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, ticarət, enerji daşıyıcılarının qorunması və ətraf mühitin müdafiəsi sahəsndə geniş əməkdaşlıq üçün güclü zəmin yaradacaq.
Nazirlər iki ölkədə elm, təhsil, mədəniyyət və sağlamlıq sahəsində insanlar arasında qarşılıqlı anlaşmanın yaradılması üçün mədəni mübadilənin vacibliyini qeyd ediblər.
Yaponiya XIN başçısı ölkəsinin NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığına böyük qiymət verdiyini bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmmədyarov iyunun 16-dan Yaponiyada səfərdədir. Azərbaycan XİN rəhbəri Yaponiyanın baş naziri Taro Aso və xarici işlər naziri Hirofumi Nakasone ilə görüşüb.
Görüşlərdə Azərbaycanla Yaponiya arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın cari vəziyyəti, regional və qlobal mövzularda fikir mübadiləsi aparılıb. Səfər iyunun 21-də başa çatacaq.