ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Yaxın aylarda Qarabağa dair «yol xəritəsi» imzalana bilər

Ermənistanın altı rayonu qaytarmağa, Azərbaycanın isə Dağlıq Qarabağın yekun statusu ilə bağlı müzakirələrə prinsip olaraq razılıq verdiyi bildirilir

- 09.05.2009 –

Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada keçirilmiş görüşü barədə yayılan çeşidli informasiyalar danışıqların çox gərgin keçdiyini, bununla belə, tərəflərin bir sıra mühüm məsələlərdə yaxınlaşma əldə etdiyini düşünməyə əsas verir. Hərçənd infomasiyaların mənbəyindən asılı olaraq fərqli tərzdə səslənməsi və bəzi hallarda ziddiyyət doğurması üzündən bu yöndə birmənalı fikir söyləmək çətindir.

Xatırladaq ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyanın görüşündən sonra mətbuata açıqlama verən ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqları konstruktiv, gəlinən nəticələri ümidverici adlandıraraq tərəflərin nizamlamanın baza prinsiplərini (Madrid prinsipləri) tam razılaşdırmaq ərəfəsində olduqlarını bildiriblər.

Həmsədrlərin dünən yayılan birgə bəyanatında da bu fikir ifadə olunur. Bəyanat ATƏT-in rəsmi saytında yer alıb. 

Bəyanatda Azərbaycan və Ermənistan rəhbərlərinin bir ildən az müddətdə (2008-ci ilin iyunundan) 4-cü dəfə görüşdükləri, və Praqa görüşünün prosesdə «mühüm irəliləyiş» olduğu vurğulanır. Həmsədrlər hesab edirlər ki, qarşıdakı görüşlər 2009-cu ilin sonunadək təməl prinsipləri ilə bağlı konkret irəliləyiş əldə etməyə imkan verəcək. Qeyd olunur ki, həmsədrlər yaxın vaxtlarda regiona növbəti səfər edərək prezidentlərin iyunun əvvəlində Sankt-Peterbuqrda keçiriləcək görüşünə hazırlıq aparacaqlar.

Vasitəçilərin aşkar nikbinliyi fonunda bilavasitə münaqişəçi tərəflərin özlərindən Praqa görüşünün nəticələrinə yönəlik açıqlamaların eşidilməməsi maraq doğurur. Rəsmi Yerevan hələlik Praqa danışıqlarına münasibətini bir cümlə ilə ifadə edib. «Prezidentlərin Praqa görüşü məhsuldar olub və tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasının ayrı-ayrı bəndləri üzrə tərəflərin mövqelərini yaxınlaşdırıb», - deyə Ermənistan prezidentinin mətubat xidmətinin məlumatında vurğulanır. Azərbaycan tərəfdən isə dünən günün sonunadək hər hansı rəsmi açıqlama səslənməmişdi.

Bununla belə, Azərbaycanın bəzi informasiya vasitələri diplomatik qaynaqlara istinadən Praqa görüşünün çətin keçməsi, Ermənistan tərəfin görüşdə konstrutivlik nümayiş etdirməməsi barədə xəbərlər yayıblar. Qeyd olunur ki, Ermənistan tərəfi görüşdə hələ iki il öncə müzakirə olunmuş, lakin Azərbaycanın və eləcə də həmsədrlərin qəbul etmədiyi formulu yenidən gündəmə gətirib.

Lakin söhbətin hansı formuldan getdiyi dəqiqləşdirilmir. Güman etmək olar ki, söhbət erməni tərəfin üzərində israr etdiyi Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşməsindən gedir.

Praqadakı Azərbaycan-Ermənistan danışıqlarının gərgin keçməsini Fransanın XİN başçısı Bernar Kuşner də qeyd edib. Rusiyanın «Exo Moskvı» radiosunun məlumatına görə, Fransa XİN rəhbəri «tərəflər arasında çox sayda anlaşılmazlıqlar olduğunu və hər tərəfin öz xətti ilə getdiyini» nəzərə çatdırıb. «Amma ruhdan düşmək lazım deyil, qarşıda prezident Əliyevlə prezident Sarkisyan arasında çox uzun yol var», - deyə Fransa XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Azərbaycanın bəzi informasiya vasitələri Ermənistanın Praqa görüşündə mövqeyini sərtləşdirilməsini son dönəmdə cərəyan edən Türkiyə-Ermənistan dialoquna və «yol xəritəsi»nə bağlayırlar. Qeyd olunur ki, erməni tərəf məhz Türkiyə ilə «yol xəritəsi»ndən sonra mövqeyini sərtləşdirib və bu, danışıqlar prosesinə mənfi (Azərbaycanın nöqteyi-nəzərindən) təsir edir.

Maraqlıdır ki, Praqa görüşünü geniş şərh edən Türkiyə mediası isə, əksinə, Qarabağ danışıqlarının ümidverici yöndə getdiyinə və bunda Türkiyənin Ermənistanla dialoq sürəcinin də müsbət rol oynadığına diqqət çəkirlər.

Qeyd edək ki, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Praqada Türkiyə rəsmiləri ilə bir araya gəlib. Brayza əvvəlcə Türkiyə XİN başçısının müavini Ərtuğrul Apakanla, sonra isə XİN başçısı Əhməd Davudoğlu ilə görüşüb.

Türkiyə mediasının Praqadakı Qarabağ danışıqlarının pərdəarxası barədə yaydığı xəbərlər də məhz amerikalı həmsədrin Türkiyə diplomatları ilə görüşünə əsaslanır. Başqa sözlə, amerikalı diplomat Türkiyə rəsmilərini Qarabağ müzakirələrinin gedişi barədə məlumatlandırıb, Türkiyə diplomatları isə sonradan jurnalistlərə müəyyən informasiya sızdırıblar.

Ermənistan əvvəlcə beş rayonu, sonra Kəlbəcəri qaytarmağa razıdır. Amma…

Beləliklə, Türkiyə mediasında yer alan xəbərlərə görə, Əliyev-Sarkisyan görüşü, gərgin atmosferdə keçsə də, nəticə etibarilə tərəflərin mövqelərini yaxınlaşdıran danışıqlar raundu olub. Xəbərlərə görə, Praqa görüşündə indiyədək danışıqlar prosesin düyün nöqtələrindən olmuş mövzu - Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşməsi məsələsi diqqətə alınıb.

Qeyd olunur ki, Azərbaycan prezidenti Praqada ilk dəfə Dağlıq Qarabağın statusunun necə müəyyənləşəcəyinə dair müzakirələrin başlanmasına razılaşıb. Bununla belə, Azərbaycan tərəfin bu müzakirələrdə referendum anlayışını dilə gətirmədiyi xüsusi vurğulanır.

Ermənistan prezidenti isə Dağlıq Qarabağ ətrafında işğala son qoyulmasından sonra bölgə üçün müvəqqəti statusunun, daha doğrusu, mövcud status-kvonun qalmasına razılaşıb. Bununla yanaşı, erməni tərəf ilkin mərhələdə beş rayonu nazad edilməsinə, Kəlbəcərin isə sülh razılaşması əldə ediləndən 5 il sonra azad etməyə razılıq verib.

Qeyd edək ki, erməni tərəf indiyədək silahlı qüvvələrini Kəlbəcərdən geri çəkmək barədə hər hansı təəhhüd götürməkdən boyun qaçıraraq bunun Dağlıq Qarağın statusunun müəyənləşməsi ilə şərtləndirib. Həmsədrlər (o cümlədən amerikalı vasitəçi Brayza) danışıqların ən mürəkkəb mövzularından birinin Kəlbəcər olduğuna işarə vurmuşdular.   

Beləliklə, yayılan xəbərlərə inansaq, erməni tərəf Kəlbəcəri də azad etməyə prinsipial razılıq verib. Düzdür, erməni tərəf qeyd olunan beş il müddətində Dağlıq Qarabağın statusu üzrə danışıqların da yekunlaşacağına ümid bəsləyirlər.

O ki qaldı Laçın rayonuna, bu məsələ danışıqlarda həllini gözləyən iki məsələdən biridir. Söhbət Laçın rayonu ərazisindən Dalğıq Qarabağla Ermənistan arasında quru yol əlaqəsi üçün yaradılacaq dəhlizdən gedir. Qeyd olunur ki, müzakirələrin bundan sonrakı mərhələsində Laçın dəhlizinin statusu, parametrləri, təhlükəsizliyi ilə bağlı ortaq məxrəc əldə olunmalıdır. Bundan sonra danışıqların sonuncu və mahiyyət etibarilə əsas bəndi - Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxması və məcburi köçkünlərin geri dönməsi qrafiki həllini tapmalıdır.

Türkiyənin «Sabah» qəzeti amerikalı vasitəçi Brayzaya istinadən Praqa görüşünün sülh prosesində önəmli mərhələ olduğunu qeyd edir. «Ermənistan keçici statusu müzakirə etməyi qəbul etdi. Azərbaycan da ilk dəfə, adı referendum olmasa da, Dağlıq Qarabağ üçün statusun müəyyənləşməsi yollarını müzakirə etməyə razılaşdı», - deyə qəzet Brayzanın sözlərinin sitat gətirir. Amerikalı vasitəçi qarşıdakı aylarda Azərbaycan-Ermənistan danışıqlarının yeni raundlarının keçiriləcəyini və tərəflərin 2009-cu ilin sonuna qədər prinsipial razılaşmanın imzalayacaqlarına ümidvar olduğunu deyib.

Brayza ilə görüşdən sonra türkiyəli dirlomatlardan biri isə jurnalistlərə açıqlamasında belə deyib: «İki ölkə Madrid prinsipləri üzərində daha 3 bənddə razılığa gəliblər. Zatən toplam 14 bənd var. Bunlardan da beşi boşaldılacaq rayonlarla bağlıdır. Digərləri də bölgənin silahsızlaşdırılması, minaların təmizlənməsi kimi mövzuları əhatə edir. İndi sadəcə iki mövzu qalıb: bunlar Laçın dəhlizinin ölçüləri və təhlükəsizliyi və bir də köçkünlərin nə zaman və necə geri dönməsi ilə bağlıdır».

Prezidentlər iyunda Sankt-Peterburqda, iyulda isə İtaliyada görüşə bilərlər

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün iyunun əvvəlində Sankt-Peterburqda keçirilməsi barədə artıq razılıq əldə olunub. Bundan sonra daha bir görüşün iyul ayında İtaliyada keçiriləcək «Böyük 8-lik» («G-8») zirvə toplantısı çərçivəsində baş tutması mümkündür. Bəzi məlumatlara görə, Azərbaycan və Ermənistan rəhbərlərinin Minsk Qrupunun həmsədr dövlətləri - ABŞ, Rusiya və Fransa prezidentlərinin iştirakı ilə görüşünün baş tutması Qarabağa dair mühüm razılaşmaya zəmin ola bilər. Həmin görüşün yekunu olaraq Qarabağ nizamlanmasına dair ilkin «yol xəritəsi» imzana bilər.

Bu arada Qarabağ sülh prosesinə öz töhfəsini verməyə çalışan Türkiyə də tərəflərlə yüksək səviyyəli müzakirələri davam etdirir.

Xəbər verildiyi kimi, mayın 7-də axşam Praqada Türkiyə prezidentinin əvvəlcə Azərbaycan rəhbəri, sonra isə Ermənistan dövlət başçısı ilə görüşü olub. Gül-Əliyev görüşü barədə verilən qısa rəsmi informasiyada iki liderin Qarabağ nizamlanması, Türkiyə-Ermənistan dialoqu və enerji əməkdaşlığı məsələlərini müzakirə etdikləri bildirilir.

Türkiyə mediasına görə, prezident Gül Ermənistanla aparılan dialoq barədə prezident Əliyevə məlumat verərək «Sizi və azərbaycanlı qardaşlarımızı üzəcək heç bir çözümə tərəf olmayacağıq» deyə bildirib.

Türkiyə rəhbəri Sarkisyanla görüşdə isə Qarabağ sülh prosesinin irəliləməsi üçün tərəflərin səylərini alqışladığını deyib. Gül Ermənistan prezidenti ilə görüşdən sonra «Əliyev-Sarkisyan danışıqlarının pozitiv yöndə getməsi xəbərləri məmnunedicidir. Ümid edirəm ki, tezliklə böyük bir sülh imkanı ortaya çıxacaq» deyib.

Türkiyə rəhbəri həmçinin Ermənistanla dialoq sürəcini davam etdiriləcəyini, prezident Sarkisyanı oktyabrda keçiriləcək Türkiyə-Ermənistan futbol matçına dəvət etdiyini bildirib.

Öz növbəsində Ermənistan prezidenti dəvəti qəbul etdiyini bildirib. Ermənistan prezidenti Dağlıq Qarabağ sülh prosesi ilə bağlı suala cavabında isə «Türkiyə ilə müzakirələri ön şərt olmadan aparmaq barədə razılığımız var» deyib.

Qarabağ sülh prosesini himayə etmək istəyən Rusiya da Praqa danışıqlarının nəticəsini müsbət qiymətləndirib. Rusiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycan və Ermənistan arasında «son razılaşmaların ümidverici olduğunu» bildirib.

Hazırda ABŞ-da səfərdə olan Lavrov Karnegi Fondunda Rusiya ilə məşğul olan amerikalı ekspertlərlə görüşüb. Görüşdə APA-nın müxbirinin sualını cavablandıran Lavrov «tərəflərin konkret hansı məqamlar üzrə razılıq əldə etməsi barədə hesabatı mən hələ almamışam. Lakın ötən ilin noyabrında Moskvada, indi isə Praqada əldə olunan razılıqlar ümidvericidir» deyib. Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin iyununda Sankt-Peterburqda keçiriləcək iqtisadi foruma qatılmağa razılıq verdiyini qeyd edən Lavrov forum çərçivəsində daha bır görüşün təşkilinə imkan yaranacağını söyləyib.

Onu da qeyd edək ki, gələn həftə Nyu-Yorkda, BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq. Türkiyə 2009-2010-cu illər üzrə BMT TŞ-nin keçici üzvüdür. Türkiyə mediasının məlumatına görə, Lavrov-Davudoğlu görüşündə Türkiyə baş naziri Ərdoğanın Rusiyaya səfərinə (16 may) hazırlıq və Qarabağ nizamlanması müzakirə olunacaq.

Vüqar Orxan, “525-ci qəzet”, 09.05.2009.

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009