Svante Kornell: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda digər məsələlər həllini tapa bilməz”
“Əgər Azərbaycan Ermənistanla sərhədi açsa, onda Türkiyənin sərhədi bağlı saxlamasında heç bir məntiq qalmayacaq”
ABŞ-ın Mərkəzi Asiya / Qafqaz İnstitutunun araşdırma direktoru Svante Kornellin APA-nın ABŞ bürosuna müsahibəsi
- İnstitutunuzun internet səhifəsində dərc etdiyiniz məqalədə Azərbaycan ictimaiyyətinə az məlum olan prezident Heydər Əliyevlə Robert Koçəryanın Sədərək sərhəd məntəqəsindəki görüşünün bəzi detallarını açıqlamısınız. Orada Azərbaycanın İranla sərhədində yerləşən işğal olunmuş ərazilərinin qaytarılmasından söhbət getdiyini bildirmisiniz.
- Əlbəttə, bu danışıqlar ictimaiyyət üçün tam açıq olmayıb. Lakin məlum olan odur ki, o vaxt Heydər Əliyev belə təkliflə çıxış etmişdi ki, İranla sərhəddə yerləşən və işğal olunmuş 4 rayonun azad olunması müqabilində Ermənistanla dəmiryolu əlaqəsi bərpa olunsun. Sovetlər dövründə bu dörd rayon vasitəsilə Naxçıvana qədər uzanan, Ermənistan ərazisindən keçən dəmir yolu mövcud olub. Bu o dövrlər üçün prezident Əliyev tərəfindən atılmış çox cəsarətli addım idi. Çünki ilk dəfə idi ki, Azərbaycan Dağlıq Qarabağın gələcək statusunu Ermənistanla iqtisadi əlaqələrin bərpası ilə əlaqələndirmirdi. Bu baxımdan bir çox ermənilər, onların arasında vaxtı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi elçi olmuş Jerar Lebardyan bu təklifi müzakirə etmədən rədd etdiyinə görə Ermənistan hökumətini tənqid etmişdi. Lebardyan və digərlərinin arqumenti odur ki, bu çox pozitiv addım idi.
O vaxtlar Türkiyə hökuməti də bildirirdi ki, əgər bu ideya dəstəklənsə, onlar da Ermənistanla sərhədi aça bilərlər. Əgər Azərbaycan Ermənistanla sərhədi açsa, onda Türkiyənin sərhədi bağlı saxlamasında heç bir məntiq qalmayacaq. Bu baxımdan o dövrlər belə bir arzu var idi ki, münaqişə paket yolu ilə həll olunsun.
Son zamanlar belə bir siqnallar var idi ki, Türkiyə hökuməti sərhədlərin açılması məsələsini tamamilə Dağlıq Qarabağ münaqişəsinin həllindən ayrı müzakirə edir. Danışıqların bu səpkidə bir neçə ay davam etməsi barədə mülahizələr vardı. Lakin son günlər verilən bəyanatlar Türkiyənin son on ildə apardığı köhnə siyasətə qayıtdığına işarə vurur.
- Türkiyədə bundan əvvəlki hökumətlərin heç biri Dağlıq Qarabağ münaqişəsini sərhədlərin açılması mövzusundan ayrı tutmayıb. Lakin AKP iqtidarı belə bir addım atmaq niyyətindədir. Situasiyada hansı dəyişiklik var ki, Türkiyənin siyasi elitası Dağlıq Qarabağ münaqişəsi bu müzakirələr kontekstindən çıxarmalı olub?
- Burada bir neçə səbəb var. Türkiyənin yürütdüyü siyasətlə ABŞ Konqresində qondarma “erməni soyqırımı”na dair müzakirələr arasında əlaqələr var. Həmçinin yayda “futbol diplomatiyası” dövründə belə bir fikir var idi ki, Gürcüstanda baş verən müharibədən sonra Türkiyə dəyişən geosiyasi vəziyyətlə bağlı nə isə etməlidir. Digər tərəfdən Obamanın prezident seçkilərində qələbəsindən sonra Türkiyədə belə bir fikir var idi ki, “erməni soyqırımı” qətnaməsi bu il Konqresdə qəbul olunacaq. Ona görə də bunların qarşısını almaq üçün nə etmək lazımdır.
Əgər Konqres bu qətnaməni qəbul etməyə hazırdırsa, prezident Obamanın məsələyə yanaşması aydındır. O zaman qətnamənin qəbulunun qarşısını almaq üçün Ermənistanla yaxınlaşmağa başlamaq vacibdir. Bu mənada türklərin bu prosesdən uduşlu çıxdığını düşünürəm. Prezident Obamanın Türkiyə parlamentində çıxışından sonra aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi çətin olacaq.
İkincisi, anlamaq lazımdır ki, Türkiyənin Xarici İşlər Nazirliyində mütəxəssislərin çoxu Avropa Birliyi, ABŞ üzrə ekspertlərdir. Lakin Qafqaz və Orta Asiya üzrə mütəxəssis o qədər çox deyil. Qeyd etdiyim region Türkiyə üçün hələ də ikinci dərəcəli əhəmiyyət kəsb edir. AKP hökumətində də Qafqazla yaxın əlaqələri olan adamlar yoxdur. Daha bir səbəb odur ki, son zamanlar Türkiyədə bir çox insanlar Ermənistana yönəlik 15 ildir yürüdülən siyasətin nəticə vermədiyini deyərək, bu siyasətdə dəyişiklik edilməsini istəyirdi.
- Necə ola bilər ki, üç Qafqaz respublikası ilə sərhədi olan dövlətin bu region üzrə kifayət qədər ekspertləri olmasın?
- İzahatların biri siyasidir. AKP islamçıların və liberalların qəribə ittifaqıdır. İslamçılar postsovet məkanının müsəlman dövlətlərini deyil, daha çox Yaxın Şərqdə yaşayan müsəlmanları özlərinə yaxın bilirlər. Liberallar isə tam olaraq Avropa ilə əlaqələrə diqqət yetirilər. Digər tərəfdən siyasi reallıq da var. Əgər son 5 ildə Türkiyənin əsas xarici siyasət istiqamətinə baxsanız, bu, ABŞ, Avropa Birliyi və Kipr məsələləri olub. Qeyd etdiyim mövzular o qədər vaxt aparır ki, digər məsələlərə vaxt qalmır.
- Məqalənizdən belə başa düşdüm ki, Siz Dağlıq Qarabağ münaqişəsini bizim regionda təhlükəsizlik və əməkdaşlığın əsas elementi hesab edirsiniz. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezident Obamanın xüsusi elçi təyin etməli olduğunu təklif etmisiniz.
- Bu, düzdür. Son bir neçə həftənin hadisələri bizə göstərdi ki, bəzi insanlar Dağlıq Qarabağ münaqişəsinin çətin və mürəkkəb olduğunu əsas gətirərək onu arxa plana çəkmək istəyiblər. Lakin reallıqlar sübut etdi ki, Dağlıq Qarabağ Cənubi Qafqaz regionunun ən böyük problemidir. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda digər məsələlər həllini tapa bilməz. Türkiyə Ermənistanla əlaqələri istədikləri kimi inkişaf etdirə bilməyəcəklərini başa düşdükdən sonra məntiqi baxımdan əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltməlidir. Həmçinin nəzərə alın ki, yeni Obama administrasiyası məsələdə maraqlıdır və məsələyə məhz onların daha çox cəlb edilməsi düz addımdır.
APA, 18.04.2009.