“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
16 Oktyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XƏBƏRLƏR

25-09-2017 [ 17:21 ]

Prezidentin BMT-də çıxışı beynəlxalq birliyə ünvanlanan manifestdir

A+ | A-

Rövşən Rzayev: “Dövlətimizin başçısının BMT-dəki möhtəşəm çıxışı həm onun öz xalqına inamından, həm də xalqın ona tükənməz etimad və etibarından qaynaqlanır”

⇔ ⇔ ⇔ 

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğal altındakı torpaqların azad edilməsi, bir milyondan artıq məcburi köçkünün öz doğma yurdlarına qaytarılması, Ermənistanın apardığı etnik təmizləmə və soyqırımı siyasətinin, həmçinin bu təcavüzkar dövlətin cinayətkar rəhbərlərinin ifşası Azərbaycan diplomatiyasının ən mühüm missiyasıdır. Bu missiyanın uğurla yerinə yetirilməsi üçün aparılan məqsədyönlü işlərin miqyası sürətlə genişlənir, görülən tədbirlərin xarakteri daha da kəskinləşir.

BMT Baş Assambleyasının bugünlərdə keçirilmiş 72-ci sessiyasında Prezident İlham Əliyevin dərin məzmunlu, yetərincə sərt, eyni zamanda, konstruktiv çıxışı xarici siyasət sahəsində dövlətimizin prinsipial mövqeyini və prioritetlərini növbəti dəfə dünyaya nümayiş etdirdi. Bu cəsarətli və qətiyyətli çıxışda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımız üçün ağır nəticələri, xüsusilə, Xocalı soyqırımı və dinc əhaliyə qarşı işğalçının bu gün də davam etdirdiyi vəhşilik faktları açıqlanmaqla yanaşı, BMT-nin öz qətnamələrinin icrasına ikili standartlarla yanaşması ciddi tənqid olundu və Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması üçün islahatlar aparılmasının zəruriliyi vurğulandı. Dövlətimizin başçısı bu nüfuzlu təşkilatı onun özünün tribunasından ikili standartlardan əl çəkməyə – haqqa, ədalətə və dürüstlüyə çağıraraq, Ermənistan kimi orta əsrlər rejiminin idarə etdiyi, korrupsiyaya uğramış, uğursuz və despotik bir dövlətin uzun illər ərzində beynəlxalq hüququ pozmasına göz yummasına etirazını bildirdi.

Dünya birliyinin laqeydliyinin təcavüzkarda öz terror siyasətini bundan sonra da davam etdirə bilmək illüziyası yaratdığını vurğulayan Prezident İlham Əliyev BMT tribunasından  Ermənistanın cinayətkar rəhbərliyinə ötən ilin Aprel döyüşlərində Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində uğurlu əks-hücumla verilən dərsi, növbəti təxribatın nəticələrinin isə onlar üçün daha ağrılı olacağını xatırlatdı. Azərbaycan rəhbəri  bütün dünyaya xalqımızın qəti iradəsini bir daha bəyan etdi: “Biz münaqişənin sülh yolu ilə həllinə sadiqik, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq!”

Məlum olduğu kimi, BMT-nin bu sessiyasında işğalçı Ermənistanın prezidenti Serj Sarkisyan da çıxış edib,  növbəti dəfə özünə xas olan hiyləgərliklə ölkəmizin ünvanına müxtəlif yalanlar, iftiralar söyləyib. Lakin, Prezident İlham Əliyev bu cılız və davakar “siyasətçi”ni elə oradaca dünya birliyi qarşısında bir daha ifşa edərək, onun bəşəriyyətə qarşı Xocalı soyqırımı kimi dəhşətli cinayəti törədən hərbi kriminallardan biri olduğunu bildirib. Həmçinin diqqətə çatdırılıb ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Bu gün artıq dünya birliyinə də bəllidir ki, Ermənistan milli azlıqların olmadığı, monoetnik və ksenofobiyanın dövlət siyasətinə çevrildiyi dövlətdir. Bütün bunlar beynəlxalq birliyə Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymağa əsas verir. Ancaq dünyada baş alıb gedən ikili standartlar Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini davam etdirməsinə şərait yaradır. Əslində, bu hörmətsizlik nüfuzlu beynəlxalq qurumlara olan inam və etibarı getdikcə heçə endirir.

Azərbaycan bu gün dünya birliyinə özünü sülhün, əmin-amanlığın, tərəfdarı, multikultural dəyərlərə xüsusi önəm verən müstəqil dövlət kimi təqdim edib. Artıq beynəlxalq ictimaiyyətdə, mötəbər qurumlarda bu barədə mükəmməl rəy formalaşıb. Belə olmasaydı, son illər dünyanın ən nüfuzlu qurumları öz tədbirlərini keçirmək üçün Azərbaycanı seçməzdilər. Ölkə başçısı BMT-nin Baş Assambleyasındakı çıxışında da bu məsələni diqqətə çatdırmışdır: “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunmuşdur.

Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.

Dövlətimizin başçısı Azərbaycanın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini də diqqətə çatdırmış və onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri xüsusi olaraq qeyd etmişdir: “İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi “Bakı Prosesi”nə start verdi. “Bakı Prosesi”nin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir. 2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 50 ölkədən gəlmiş 6000 atlet həmin Oyunlarda iştirak etdi. 2017-ci ildə Azərbaycan 54 ölkəni təmsil edən təxminən 3000 idmançının iştirakı ilə dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi”. İki il ərzində paytaxtımız Bakıda Avropa və İslam Oyunlarının keçirilməsi barədə məlumat verən Azərbaycan Prezidenti bunun, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə olduğunu bəyan etdi.

Dövlətimizin başçısının BMT-dəki möhtəşəm çıxışının həm onun öz xalqına inamından, həm də xalqın ona tükənməz etimad və etibarından qaynaqlandığını xüsusi qeyd etmək istərdim. BMT-nin yüksək tribunasından bütün dünyaya bəlli oldu ki, 2004-cü ildən başlayaraq, Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. Hazırda ölkəmizdə işsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir – 5 faiz. Yoxsulluğun səviyyəsinin azaldılması da dövlət siyasətinin prioritetini təşkil edir. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi isə bu, cəmi 5-6 faizdir. Dövlətimizin başçısı bildirmişdir ki, nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır.

Bu gün Azərbaycanın möhkəm ictimai-siyasi sabitliyin hökm sürdüyü müasir və demokratik ölkə kimi tanınması və qəbul edilməsi,  demokratiyanın inkişafının və insan hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olması, burada bütün fundamental azadlıqların, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqların tam şəkildə təmin edilməsi məhz hakimiyyətlə xalq arasındakı ideya-mənəvi birliyin sayəsində mümkünləşib. Məhz bu birliyin gücü, Ermənistanın inadkarlıqla davam etdirdiyi təcavüzkarlıq və işğalçılıq siyasətinin yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizin  bütün sosial-iqtisadi istiqamətlərdə diqqətəlayiq nailiyyətlər qazanmasına şərait yaradıb.

Dövlət müstəqilliyinin bərpasının 26 ili ərzində Azərbaycan öz imkanları ilə nəinki xəyanətkar qonşusunun təcavüzü nəticəsində böyük itki və məhrumiyyətlərə məruz qalmış, bir milyondan artıq məcburi köçkün vətəndaşımızın və qaçqın soydaşımızın həyati problemlərini həll etməyə nail olub, hətta, öz iqtisadi qüdrəti ilə regionun liderinə belə çevrilə  bilib. Prezident İlham Əliyevin BMT-dəki çıxışında bu uğur və nailiyyətin, davamlı inkişafın nəticələri bir daha bütün dünyaya çatdırıldı.  Son on üç ildə Azərbaycanın iqtisadiyyatının 3 dəfədən çox artması, 1 milyon 600 mindən artıq iş yerinin açılması, işsizliyin və yoxsulluğun dünyada ən aşağı səviyyəyə düşməsi, valyuta ehtiyatlarımızın  ÜDM-ə bərabər olması dostlarımızı sevindirən, düşmənlərimizi məyus edən göstəricilərdir.

Möhtərəm Prezidentimizin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı böyük əhəmiyyət kəsb edir. Həmin çıxış ölkəmiz, onun qayğıları, uğurları və ümidləri haqqında beynəlxalq birliyə ünvanlanan bir manifestdir. Dövlətimizin başçısı Azərbaycanın nailiyyətlərindən söz açarkən, haqlı olaraq deyir ki, yalnız xalqın milli maraqlarına əsaslanan, müstəqil siyasət aparan azad bir ölkə uğurla inkişaf edə bilər: “Biz öz azadlığımızın və müstəqilliyimizin qədrini bilirik, onu qorumağa  gücümüz və qüdrətimiz var, işğal altındakı əzəli və tarixi ərazilərimizi geri qaytarmağa hər an hazırıq və bunu mütləq edəcəyik!”

Fikrimcə, Prezident İlham Əliyevin BMT-dəki cəsarətli və qətiyyətli çıxışı hələ uzun müddət yaddaşlarda qalacaq. Dünya siyasətinin gedişinə güclü təsir edə biləcək çıxışdan hasil olan nəticə də elə budur...

 

Rövşən Rzayev

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini

“Xalq qəzeti”, 25.09.2017

 

baxılıb: 2060 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR