“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
12 Dekabr 2019
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Qeyri-neft sektoru

Azərbaycanda qeyri-neft sektorunun inkişafı

A+ | A-

Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Nazirlər Kabinetinin hesabatında yer alan rəqəmlərə görə 2003-cü ilə nisbətən 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında 34 faiz artım qeydə alınıb. Son üç ildə isə kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. Azərbaycanla sıx tərəfdaşlıq edən  Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir. Bank hesab edir ki, regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir. Bankın hesablamalarına görə ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft ÜDM-inin artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.

Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına  subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramlar qəbul olunub. Bu proqramlar uğurla icra olunmaqdadır.

Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf dinamikasına və artım meyillərinə görə, fərqlənməklə bərabər, həm də iqtisadi və sosial idarəetmədə yeni modernizasiya elementlərinin tətbiq olunması ilə diqqəti cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin bütün təzahürlərinin meydana çıxmasına səbəb olub. Yəni ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Burada, ilk növbədə, zəngin neft-qaz ehtiyatlarından əldə olunan gəlirlərin digər iqtisadi sahələrə yönəldilməsi ilə qeyri-neft sahələrinin inkişafını xüsusi qeyd etmək olar. Son illər qeyri-neft sektorunda baş verən artım dinamikası da enerji resurslarının şaxələndirilməsi ilə bağlı siyasətin nəticəsi sayıla bilər.

2011-ci ildə ümumi daxili məhsulun artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin olunub. İqtisadiyyatın inkişafının ağırlıq mərkəzi həm ÜDM-in artım sürətinə, həm də investisiya qoyuluşunun həcminə görə qeyri-neft sektorunun üzərinə keçib. 2011-ci ildə UDM-in 0,1%-ə qarşı qeyri-neft sektorunda artım 9,4% olub. Ötən il ÜDM-in artımına qeyri-neft sektoru 4,2%, xalis vergilər 0,4% təsir göstərib. Qeyri-neft ÜDM-i 9,4% artıb. Artıma müxtəlif sahələrin töhfəsi fərqli olub. Belə ki, qeyri-neft sektorunun artımında tikinti sektorunun payı 3,6%, qeyri-neft sənayesinin payı 1%, kənd təsərrüfatının payı - 0,7%, rabitənin payı isə 0,5% təşkil edib.

Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominantlığını möhkəmləndirməkdir. Prezident İlham Əliyev növbəti 10 il ərzində neft və qaz hasilatını sabit saxlamaqla iqtisadiyyatın artımının qeyri-neft sektoru hesabına təmin edilməsinin başlıca məqsədlərdən olduğunu bildirib: «Biz neft hasilatının yüksək həddinə çatmışıq, ondan çox artırmaq da lazım deyildir. Mən hesab edirəm ki, hasilatı bu səviyyədə saxlamalıyıq ki, daha da uzun müddət ərzində insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna qeyri-neft sektorunun hesabına nail ola bilərik». Ölkə başçısı 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyətinin yeni mərhələyə qədəm qoyacağını və birgə fəaliyyət planı nəticəsində bu məqsədlərə çatmağın mümkün olacağına inandığını diqqətə çatdırıb.

Son 8 ildə Azərbaycanda ümumi daxili məhsulun istehsal həcmi 3 dəfə artıb, qarşıdakı ildə isə ÜDM-in həcmini 2 dəfə artırmaq başlıca hədəfdir. Buna nail olmaq o deməkdir ki, Azərbaycan 2004-cü ildə təxminən 17-18 milyard dollar, hazırda isə 52 milyard dollar təşkil edən ÜDM-i qarşıdakı 10 ildə 100 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyub. ÜDM-in strukturunda neft-qaz sektorunun payı qarşıdakı illər üzrə sabit qalacağı halda, əsas ağırlıq mərkəzi birbaşa qeyri-neft-qaz sahələrinin üzərinə düşəcək ki, bu da həmin bölmələrdə iqtisadi artımın bir neçə dəfə yüksəlməsini ortaya çıxarır.  Qeyd edək ki, son səkkiz il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft-qaz sektoru 2,2 dəfə artıb. Hazırda iqtisadiyyatın həcminin böyüməsi və sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahələrində yüksək artımın müşahidə olunması yaxın 10 ildə qeyri-neft-qaz sahəsindəki artımın əvvəlki onilliyə nisbətən daha çox olacağını şərtləndirir.

Qeyri-neft-qaz sektoru sırasında gələcək inkişafın əsasını təşkil edən təməllərdən biri kimi sənayeləşmənin xüsusi yer tutacağını qeyd etmək olar. Proqnozlara görə, orta müddətli inkişaf proqramlarının icrası sayəsində sənaye potensialı ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacaq, sənayeləşmənin bu cür yüksək sürətlə davam etməsinə ölkənin zəngin valyuta ehtiyatları əlverişli impuls verəcək. Hökumət digər bir sahəni - İKT sektorundan əldə olunacaq gəlirləri ölkə iqtisadiyyatının inkişafının əsas maliyyə mənbələrindən biri hesab edir. Hazırda bu sahədən əldə olunan gəlirlərin həcmi illik 15% təşkil edir və bu göstərici ümumdünya orta göstəricisindən təxminən iki dəfə çoxdur. Eləcə də aqrar bölmə  iqtisadi perspektiv baxımından ən cəlb­edici sahə sayılır. İqtisadi məşğul əhalinin ən çox çalışdığı (45%) bu sektor hazırda inkişaf tempinə görə xüsusi fərqlənir. Aqrar bölmədə isə illik inkişaf tempi 10%-i ötüb. Dövlətin bu sahəyə dəstəyinin gücləndirilməsi kənd təsərrüfatının ÜDM-də payının artmasına gətirib çıxarmaqla yanaşı, iqtisadi fəal əhalinin də sayının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq.

 

 

baxılıb: 6148 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR