“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
16 Oktyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Ekologiya

Ekologiya və təbətin mühafizəsi

A+ | A-

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.

Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

 

  • su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;

  • yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;

  • sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;

  • münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);

  • bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;

  • biomüxtəlifliyin seyrəkləşməsi;

  • meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.

Bioloji müxtəliflik

Bioloji müxtəliflik - yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir.

Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.

Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.

 

Bütün dünyada vəhşi təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin qorunub saxlanılmasında mühüm rol oynayır. Məhz, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə oldan fauna və flora növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır.

Meşələr

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri - mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.

Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.

Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.

Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.

Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin edir.

Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyəci, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir.

Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir.

Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay məjralarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin.

Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair" hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir.

Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69700 ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür). 

Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000-2001-ci ildə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur.

Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.

Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000-2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2-5 dəfə çox olmuşdur.

Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.

2005-ji ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500 hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstərijilər 2000-2001-ji ilin göstərijilərindən meşəbərpa tədbirləri üzrə 2-2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.

«Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram»ın tələblərinə uyğun olaraq 2006-jı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Göstərilənlərlə yanaşı, meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir.

baxılıb: 4079 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR