“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
15 Dekabr 2019
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

AZƏRBAYCAN DÜNYADA

Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər

A+ | A-

9 iyul -Azərbaycanda diplomatik xidmət işçilərinin peşə bayramı günüdür.

Bu tarix 1918-ci il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin fəaliyyətə başlaması barədə ilk normativ sənədin - XİN-in katibliyi haqqında müvəqqəti təlimatın təsdiq edildiyi gündən hesablanır.

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

Xarici işlər naziri Elmar Məmmədyarovun “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər” adlı məqaləsi (2009) bu mövzuya həsr olunub.

* * *

Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra xalqın firavanlığı və ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələrimizi genişləndirdi, hərtərəfli enerji strategiyasını reallaşdırdı və ölkənin uzunmüddətli inkişafının təməlini qoydu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut etmişdir. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas dövlət institutları məhz həmin dövrdə yaradılmışdır. Biz Azərbaycanın diplomatik xidmətinin yaranmasının 90 illiyini bu il böyük fəxr hissi ilə qeyd edirik.

Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir. Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanınmışdır. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Azərbaycanın xarici siyasət istiqamətləri və strateji seçimləri aşağıdakı təsiredici amillərlə müəyyənləşir:

Ermənistanın Azərbaycana qarşı təcavüzü – Hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizin təhlükəsizlik mühitinin əsas təyinedici amili olaraq qalır və bu da öz növbəsində Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında əsas rol oynayır.

Qlobal proseslər - Azərbaycan öz müstəqilliyini bərpa etməsi ilə eyni vaxtda beynəlxalq münasibətlər sistemi köklü surətdə dəyişməyə başlamışdır və son iyirmi il ərzində cərəyan edən hadisələr göstərir ki, sistem mahiyyətcə hələ də rəqabətlidir. Dövlətlər müxtəlif və bəzən də mübahisəli xarici siyasət məqsədləri güdürlər. “İkiqütblülük” və “çoxqütblülük” konsepsiyalarının toqquşmasında təzahür edən çağdaş dünya nizamına dair ziddiyyətli təsəvvürlər dünyanın müxtəlif yerlərində siyasi və iqtisadi nüfuz uğrunda rəqabəti canlandırmışdır. Davamlı olacağı təqdirdə bu rəqabət qlobal və regional təhlükəsizlik mühitinə mənfi təsir göstərəcəkdir.

Strateji coğrafi yerləşmə - Azərbaycanın coğrafi yerləşməsi bir çox mənada strateji əhəmiyyətə malikdir. Yaranmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizi üzərində böyük ticarət yollarının kəsişməsində yerləşməsi ölkəyə enerji və infrastruktur mərkəzinə çevrilmək üçün əhəmiyyətli imkan verir. Ölkənin belə bir mərkəzə çevrilməsi üçün Azərbaycanın coğrafi yerləşməsi kimi üstünlükdən tam istifadə edilməsi vacib şərtdir.

Zəngin təbii ehtiyatlar – Azərbaycanın zəngin təbii sərvətlərə malik olması nəinki ölkənin çiçəklənməsinə və xalqın rifahına xidmət edir, eyni zamanda bu fakt respublikanın milli təhlükəsizliyinin, siyasi müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində mühüm amildir. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli sonradan Azərbaycanın enerji strategiyası adlandırılan siyasətin əsas elementinə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi bu strategiya Azərbaycanın xarici siyasətinin təməl daşıdır.

Müasir dövrdə təhlükəsizliyə təhdidlər və risklər – Beynəlxalq arenada qeyri-dövlət aktorları olan beynəlxalq terrorçu qruplaşmalar, hərbi separatçı hərəkatlar, etnik və dini ekstremizm, mütəşəkkil cinayətkarlıq şəbəkələri, habelə qeyri-qanuni miqrasiya, narkotik maddələr və insan alveri, kütləvi qırğın silahlarının yayılması, vacib enerji və nəqliyyat infrastrukturunda sabotaj riski və son illərin fenomeni olan kiber hücumlar qlobal və regional təhlükəsizlik mühitinə ciddi təsir göstərən amillərdir.

Məsuliyyət və özünəməxsusluq – Azərbaycan tarixi əsas etibarilə müxtəlif regional güclər arasındakı müharibələr və real müstəqillik uğrunda gedən davamlı mübarizə tarixindən ibarətdir. Bu “irs” kiçik ölkələrin suverenliyi və hüquqlarını təmin edə biləcək beynəlxalq mexanizmlərin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycanın beynəlxalq birliyin fəal və məsuliyyətli üzvü olmasını tələb edir. Məsuliyyətin kökləri Azərbaycanın hər zaman müxtəlif dini etiqada, dünyagörüşünə, etnik qruplara aid insanların birgə yaşaması və tolerantlıq kimi səciyyəvi xüsusiyyətlərinə bağlıdır.

Azərbaycan dərin tarixi köklərə malik, həqiqətən də etnik və dini dözümlülük baxımından nadir dünyəvi müsəlman ölkəsidir. Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika elan edilmişdir. Əsrlər boyu burada müsəlman, xristian və yəhudilər bir-biri ilə dinc yanaşı yaşamışlar. Mədəniyyətlər arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq birliyin mənafeyi naminə bu dəyərləri təşviq etmək məsuliyyətini hiss edir.

Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Şəffaflıq və öncədən müəyyənləşdirmə Azərbaycanın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir.

Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda sülh içində birgə yaşama və mehriban qonşuluğu təşviq etməkdə çox maraqlıdır.

Ölkəmiz mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir.

Azərbaycanın ölkənin milli maraqlarının təmin olunmasına və onun qlobal və regional mövqeyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri aşağıdakılardır:

Azərbaycanın ərazi bütövlüyünün bərpası – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələ və xarici siyasətimizin bir nömrəli prioriteti hesab olunur. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların ilk günlərindən dəyişməz olaraq qalır.

Biz münaqişənin həlli üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişaf üçün şərtlərin müəyyən olunması, qanuni və demokratik proses çərçivəsində Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən başqa bir yol görmürük.

Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurdlarına qaytarılmasından sonra və yalnız Azərbaycanın tərkibində mümkündür. Azərbaycan heç bir zaman öz ərazi bütövlüyünü müzakirə obyektinə çevirməyəcəkdir.

Münaqişənin həllinin hüquqi və siyasi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/62/243 saylı qətnaməsi, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir. Bundan əlavə, Strasburq/Kehl sammitində NATO Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına yönəlmiş səyləri bir daha dəstəkləmişdir.

Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli və davamlı həllinin dəstəklənməsi üçün bütün səylərin səfərbər olunması məqsədi ilə öz tərəfdaşları, beynəlxalq və regional təşkilatlarla aparılan işi davam edəcəkdir. Buna baxmayaraq, sülh prosesinin uğurla nəticələnməsi Ermənistan tərəfinin eynilə bu prosesə sadiqliyindən və konstruktiv yanaşmasından, həmçinin beynəlxalq birliyin, ATƏT-in bütün üzv dövlətlərinin, xüsusən də Minsk qrupunda təmsil olunan və həmsədrlik edən ölkələrin fəal töhfəsindən asılıdır.

Beynəlxalq sülh və sabitliyin təşviqi – İstər ənənəvi, istərsə də yeni təhlükə və problemlərin qarşısı fəal beynəlxalq səylər hesabına alına bilər və onların birtərəfli qaydada aradan qaldırılması mümkün deyildir.

Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa fəal cəlb olunmuşdur. Terrorizmə qarşı mübarizəyə dair bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair daim məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgərlərlə çiyin-çiyinə xidmət göstərmişlər. Azərbaycan hökuməti və şirkətlərinin Əfqanıstana yardımı və bu ölkənin bərpası ilə bağlı səyləri ehtiyac içində yaşayan əhali üçün də imkanlar yaradır. 

Azərbaycan istər “Kütləvi qırğın silahlarının yayılmaması haqqında Saziş”, istərsə də digər ölkələrlə əməkdaşlıq çərçivəsində ixraca nəzarət və sərhəd təhlükəsizliyi tədbirləri vasitəsilə kütləvi qırğın silahlarının yayılmaması istiqamətində fəaliyyət göstərir. Azərbaycan kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı beynəlxalq rejimin gücləndirilməsinə tərəfdardır və müvafiq nəzarətin həyata keçirilməsi üçün dünya birliyi və müvafiq təşkilatlarla əməkdaşlığı davam etdirəcəkdir.
Transmilli cinayətkarlıq və insan alverinə qarşı mübarizə region ölkələri ilə, eləcə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın gündəliyində duran məsələdir.

Cənubi Qafqazdakı sabitliklə ümumilikdə qlobal təhlükəsizlik arasında əlaqənin mövcudluğu məlum məsələdir. Cənubi Qafqazdakı uzadılmış münaqişələrin regiondakı təhlükəsizliyə və sabitliyə zərbə vurması, region ölkələrinin iqtisadi və siyasi inkişafına maneə yaratması və regiondakı real əməkdaşlığın qarşısını alması səbəbindən region ölkələri və geniş anlamda beynəlxalq birlik üçün xüsusi narahatlıq kəsb edir.

Səmərəli çoxtərəfli beynəlxalq münasibətlər sisteminin təşviqi – Beynəlxalq sülhün ən yaxşı halda səmərəli çoxtərəfli münasibətlər sistemi vasitəsilə əldə edilməsinə əmin olaraq, Azərbaycan bütün dünyada və regionumuzda beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir. BMT-nin Nizamnaməsində öz əksini tapan beynəlxalq hüququn norma və prinsipləri mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşını təşkil edir. Azərbaycan XXI əsrin problemlərinə və təhdidlərinə daha səmərəli şəkildə cavab vermək üçün beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların həyata keçirilməsi də daxil olmaqla, BMT-nin operativ imkanlarının artırılmasına yönələn islahatları dəstəkləyir.

ATƏT ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edir və kollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. BMT kimi, ATƏT-in də fəaliyyətinin onun bütün sənədlərinə və mexanizmlərinə əsaslanmış əməli nəticələr vasitəsilə səmərəliliyinin artırılmasına ehtiyac vardır.

Eyni zamanda, milli maraqlarımızın təmin olunması, daxili siyasi və institusional islahatların səmərəli şəkildə həyata keçirilməsi, həmçinin Azərbaycan qanunvericiliyinin Avropanın norma və standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərdən Avropa Şurası ilə əməkdaşlıq vacibdir.

Azərbaycan regional çoxtərəfli əməkdaşlığı çox vacib hesab edir və GUAM-ın əsas yaradıcısı kimi biz regionda daha mehriban və daha sabit münasibətlərə nail olunmasına öz töhfəmizi veririk.

Azərbaycanın həm Qərb, həm də Şərq mədəniyyətinə məxsus olması ilə bağlı nadir xüsusiyyəti dini məlumatsızlığın və dözümsüzlüyün aradan qaldırılması üçün dinlərarası dialoqda mühüm rol oynamaq üçün imkanlar yaradır. 2007-ci ildə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sədri kimi Azərbaycan İslam Konfransı Təşkilatının strukturlarının və funksiyalarının daha da gücləndirilməsi və Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərmişdir.

Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur. Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, ölkəmizin bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Habelə beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm beynəlxalq tədbir təşkil olunmuşdur.

Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı – Azərbaycan regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edir və yuxarıda qeyd edilmiş səbəblərə görə Ermənistan istisna olmaqla bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. Qonşu dövlətlərlə əlaqələrin daha da inkişafı həllini gözləyən regional problemlərin qarşılıqlı surətdə qəbul olunan şəkildə nizamlanması variantının tapılmasına imkan yaradacaqdır.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və bu əməkdaşlığın genişlənməsi davam edir. Azərbaycan İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır, habelə Xəzər dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi ilə Orta Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirir.

Azərbaycan strateji tərəfdaşı olan ABŞ ilə qlobal problemlər və təhlükələrə qarşı mübarizə aparmaq məqsədi ilə ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq edir. Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının üzvüdür, beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsini hərtərəfli şəkildə dəstəkləyir və bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atır. Biz ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi və demokratik inkişafın təşviqi sahələrində də əməkdaşlığımızın genişləndirilməsi istiqamətində iş aparırıq.

Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. Bu mənada Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.

Avropa və Avratlantik strukturlara inteqrasiya – Azərbaycan Avropa və Avratlantik birliyin dəyərləri ilə bölüşür, çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulan ilk ölkələrdən biri olmuşdur və Avratlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. Azərbaycan Fərdi Tərəfdaşlığın Fəaliyyəti Planının (FTFP) birinci mərhələsini uğurla başa vurmuşdur və FTFP-in ikinci mərhələsinin icrasına başlamışdır ki, bu da növbəti illərdə NATO-Azərbaycan münasibətlərini istiqamətləndirəcəkdir.

Azərbaycanın Aİ ilə əməkdaşlığı ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənir. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul olunmuş Aİ-Azərbaycan Fəaliyyət Planı Azərbaycan və Aİ arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Aİ-Azərbaycan Fəaliyyət Planının yerinə yetirilməsi Aİ ilə Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi asılılığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Biz Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsünü alqışlayır və biz bunun Aİ ilə əməkdaşlığımızı sürətləndirəcəyinə ümid edirik.

Davamlı inkişaf və Avropanın enerji və nəqliyyat dəhlizinin genişləndirilməsi - Neft və qaz kəmərlərinin, digər müvafiq infrastrukturun tikintisi də daxil olmaqla, Azərbaycanın neft sektorunun inkişafı artıq ölkənin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə nəticələnən bu əməkdaşlıq Cənubi Qafqaz regionunun əhəmiyyətini artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş və Avropa üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur.

Azərbaycanın karbohidrogen ehtiyatları strateji coğrafi yerləşmə ilə birlikdə ölkəni əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artır.

Azərbaycanın coğrafi yerləşməsi ölkənin dünya bazarlarına çıxışını şaxələndirmək imkanı verir. Cənubi Qafqaz regionu ərazisindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementidir. Bu mənada, Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur.

Habelə, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qurulması istiqamətində əməkdaşlıq edir. Bu xəttin həyata keçirilməsi regional əməkdaşlığın sürətləndirilməsi və gücləndirilməsi üçün vacib addım olacaq, eyni zamanda, qlobal təsirlərə malik yeni regional imkanlar yaradacaqdır.

Bazarlar və xarici sərmayələrin rəqabəti, fiskal və monetar siyasətlərin əlaqələndirilməsi məqsədi ilə mövcud beynəlxalq kommersiya şəbəkələrini cəlb etmək zərurəti ilə səciyyələnən beynəlxalq mühit fəal xarici iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorlarına xarici sərmayələrin cəlb edilməsi, ölkədə istehsal olunan malların beynəlxalq bazarlara maneəsiz keçidinin təmin olunması, ticarət, sərmayə qoyuluşu və iqtisadi yüksəlişin gücləndirilməsi vasitəsilə davamlı iqtisadi inkişafa töhfə vermək üçün regiondakı və ondan kənarda yerləşən ölkələrlə əməkdaşlıqda maraqlıdır. Azərbaycanın iqtisadi inkişaf fəlsəfəsi çox sadədir – qonşu ölkələrin çiçəklənməsi qarşılıqlı fayda gətirir.

Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilmiş və xarici siyasət məqsədlərini daha da təkmilləşdirmişdir. Avstraliya istisna olmaqla, bizim bu gün dünyanın bütün qitələrində diplomatik nümayəndəliklərimiz vardır. İkitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli səfərlər, beynəlxalq konfrans və dünya forumlarında iştirak bizim gündəlik diplomatik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.

Diplomatik xidmət orqanlarımızın rəhbərlərinin son müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimiz bütün istiqamətlərdə uğurludur, biz işimizi məhz bu istiqamətdə davam etdirəcəyik və xarici siyasət fəaliyyətimizdə fəal olmalıyıq.

Müstəqilliyimizin bərpa olunmasından keçən on səkkiz il ərzində Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə çevrilməyə nail olmuşdur.

Milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyası, habelə özünəməxsus və bəzən ziddiyyətli siyasət yürüdən regional və regiondan kənarda olan aktorlarla modus vivendi-nin tapılmasına imkan yaradan elastiklik arasında mürəkkəb balans Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətidir.

Diplomatik xidmətimizin 90 illik yubileyi ilə eyni vaxtda xarici siyasətimizin keçdiyi yolu nəzərdən keçirərək qeyd etməliyik ki, çoxsaylı uğur və nailiyyətlərimizin olması ilə yanaşı, hələ də bir sıra məsələlərin həlli, ən əsası isə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində işlərin daha da gücləndirilməsi Xarici İşlər Nazirliyinin başlıca vəzifəsi olaraq qalır və əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında biz tezliklə bütün bu uğurlara nail olacağıq.

AzərTAc (02.07.2009)

baxılıb: 5360 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR