“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
26 Yanvar 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

XIX-XX əsrlər

Aşıq Bəsti (1836-1936) - YENİ

A+ | A-

Aşıq Bəsti XIX əsrin 30-cu illərində (bəzi mənbələrdə 1836-cı il göstərilir)  Qarabağın Löh kəndində (Kəlbəcər rayonu) yoxsul ailədə dünyaya göz açıb. Erkən yaşlarından bir çox fərdi keyfiyyətləri ilə tay-tuşlarından fərqlənir. Atası Kərbəlayi Bayramalı ona təhsil almağı qadağan edir. Lakin o, savadsız qalsa da, ağıllı-dərrakəli bir gənc kimi saz-söz sənətkarlarının məclislərində yaxından iştirak edir. Saz çalmağı öyrənir.

17-18 yaşında ikən bir çobanı sevir. Ancaq ilk məhəbbəti faciəyə dönür. Sevdiyi oğlan gözləri qarşısında bir bəy tərəfindən vəhşicəsinə qətlə yetirilir. Bəsti qarşılaşdığı mənzərədən sarsılır. Şeirlərində Xançoban adlandırdığı nakam sevgilisinin intiqamını onu qətlə yetirən bəyləri ifşa edən, lənətləyən şeirləri ilə alır:

A bəy, nə gəzirsən hallı-havalı,

Süleyman mülkünün yiyəsi kimi?

Nədəndir yaxşının başın kəsməyə

Hazırsan xəncərin tiyəsi kimi?!

O, mükəmməl təhsil və savad ala bilməsə də, fitri istedad sahibi olub. Məhz buna görə də fikrini kamil sənətkar və saz-söz xiridarı kimi ifadə edə bilib. Məşhur saz-söz ustadları Aşıq Ələsgər və Aşıq Qurban (Ağdabanlı) onun istedadını yüksək qiymətləndiriblər.

Ağdabanlı Qurban qoşmalarının birində Aşıq Bəstinin el-obada tanınmasını dilə gətirib:

Bağça bülbülüsən güllər eşqinə,

Nəğməlisən - şirin dillər eşqinə.

Sənətkar olubsan ellər eşqinə,

Şöhrətin yayılıb hər yana, Bəsti.

Aşıq Ələsgər Bəstini “nəğməkar bülbül” adlandırıb. Bəlkə də Aşıq Ələsgər və Ağdabanlı Qurbanın bu şairə xanıma olan hörmətləri onun düşmənlərini başqa fitnə-fəsadlara əl atmaqdan çəkindirib.

Nakam məhəbbətini sözlə ifadə edə bilməyən Bəsti doğma kəndindən ayrılır. Göyçə ellərini və obalarını oymaq-oymaq gəzir, aşıqlıq edir. Sevgilisinin nakam taleyinə əbədi yas saxlayır. Ağlamaqdan gözlərinin nurunu itirir. Zavallı aşıq-şairə el arasında həm də "Kor Bəsti" kimi də tanınıb.

Bəsti deyər: gözdə qaldı murazım,

Həyanım yollardı, bir də ki, sazım.

Hələ ki, ellərdən gəlir avazım,

Deyirlər, yaşayır, sağ, yavaş-yavaş.

Şairə hələ sağ ikən onun yaşadığı faciəli sevgi hekayətini əks etdirən “Bəsti və Xançoban” dastanı yaranır. Tez bir zamanda dastanın qəlb göynədən qoşmaları qəmli nəğmə kimi dillərə düşür:

Bu dağlarda neçə Leyli ağlamış,

Bəsti kimi dağı, daşı dağlamış.

Yaradan bizə nə nişanə saxlamış,

Nə taparam torpağından, Ərgünəş?

Aşıq Bəsti Kəlbəcərdən gedəndən sonra Göyçə mahalının Basarkeçər rayonunda məskunlaşır. Bir müddət orada yaşayır. Yaşlaşdıqca qəlbi doğma yerlər üçün darıxır. Məhz o, buna görə də yenidən Kəlbəcərə dönür. Daşkəsən, Gədəbəy və Samux rayonlarına səfərlər edir. El məclislərinə, şənliklərinə dəvət olunur. Dastan danışır, məclislər yola verir...

Ömrünün ixtiyar çağlarında ata yurduna dönür və 1936-cı ildə doğma kəndində dünyasını dəyişir.

 

baxılıb: 2116 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR